REGİONLAR
Heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib
Bakı, 31 may, AZƏRTAC
Şamaxı, Ağsu və İsmayıllı rayonlarında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanlarda bruselyoz və qurd xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlimlər Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Təlimlərdə bruselyoz və qurd xəstəliklərinin müalicə-profilaktikasında istifadə olunan dərman vasitələri, həmin xəstəliklərin kliniki nişanələri, yayılma və təhlükəlilik dərəcələri və iqtisadi zərəri barədə ətraflı məlumat verilib. Həmçinin xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinin profilaktikasında peyvəndləmənin vacibliyi qeyd edilib.
Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə zamanı təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillər nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.
Təlimlərdə xəstəliklərə qarşı tətbiq olunan vaksinlərin əhəmiyyətindən də danışılıb.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.