REGİONLAR
Heyvanlar arasında kəskin yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görülüb
Bakı, 26 iyul, AZƏRTAC
Cari ilin 6 ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən heyvanlarda qarayara, dabaq, leptospiroz, çiçək, nodulyar dermatit, brusellyoz və digər kəskin yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər həyata keçirilib. Qarayara xəstəliyinə qarşı 2 milyon 618 min 956 baş iribuynuzlu, 7 milyon 369 min 173 baş xırdabuynuzlu, 7532 baş donuz və 94 min 896 baş təkdırnaqlı heyvan peyvəndlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisi vəzifəsini icra edən Azər Süleymanov açıqlama verib.
O bildirib ki, dabaq xəstəliyinə qarşı 4 milyon 683 min 253 baş iribuynuzlu, 5 milyon 244 min 833 baş xırdabuynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 245 min 468 baş itdə, nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 437 min 514 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 100 min 540 baş davarda profilaktik peyvəndləmələr aparılıb.
Bundan başqa, profilaktik tədbirlər brusellyoz xəstəliyi əleyhinə “Rev-1” vaksini ilə (göz damcı üsulu) 3 milyon 496 min 541 baş xırdabuynuzlu heyvan arasında da həyata keçirilib.