REGİONLAR
Heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə işi yekunlaşmaq üzrədir
Ağsu, 4 mart, AZƏRTAC
Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Təbii ki, heyvandarlığın inkişafı, eləcə də heyvandarlıq məhsulları istehsalının artırılması mal-qara arasında müxtəlif xəstəliklərə, o cümlədən qarayaraya, dabağa, qızdırmaya və digər xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılmasından çox asılıdır.
Bununla əlaqədar rayon Baytarlıq İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır və artıq bu iş başa çatmaq üzrədir. Belə ki, yanvar-fevral ayları ərzində 17909 baş iribuynuzlu, 293 baş təkdırnaqlı heyvanlarda bu xəstəliyə qarışı peyvəndləmə aparılıb. Qarayaranın heyvanlar, həm də insanlar üçün xarakterik olduğu nəzərə alınaraq peyvəndləmə işi xüsusi nəzarət altında görülür. Rayon baytarlıq idarəsinin mütəxəssisləri bu iş üçün tam səfərbər olunublar. Peyvəndləmə rayon üzrə 15 baytarlıq sahəsinin 30 nəfər baytar işçisi tərəfindən aparılır.
Baytarlıq idarəsindən onu da bildiriblər ki, hazırda rayon ərazisində epizootik sabitlikdir.