REGİONLAR


Heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı müalicə işləri baytar həkiminin iştirakı ilə aparılmalıdır

Bakı, 19 mart, AZƏRTAC

Bəzən qaramal, camış və zebuların ağ ciyərində girdə qurdların törətdiyi diktokaulyoz xəstəliyinə təsadüf edilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli AZƏRTAC-a bildirib ki, bu xəstəlik yaz və payız aylarında şiddətlənir. Köklük dərəcəsi aşağı və müqaviməti az olan heyvanlar arasında xüsusilə çox tələfata səbəb olur. Diktiokaulyoz bütün yaş qrupuna daxil olan qoyunlarda, daha çox isə birilliklərdə tələfat verir. Qaramalda isə birillik və ilyarımlıq cavan heyvanlar bu xəstəliyə tutulurlar.

“Ağ ciyər qurd xəstəliyinə tutulmuş heyvanlarda öskürmə başlanır. Heyvan hərəkət edərkən çox tez-tez öskürür, burnundan selik axır. Heyvan çətinliklə nəfəs alır, arıqlayır, çənəsinin, döşünün altında şişlər əmələ gəlir. Diktiokaulyozun ən səciyyəvi əlamətlərindən biri də xəstə heyvanların tədricən arıqlamasıdır. Düzgün yemləndirilməyən zəif və arıq heyvanlar bu xəstəliyi ağır keçirirlər. Diktiokaulyozdan ölmüş heyvanın cəmdəyi arıq, seliklı qişaları solğun, ağ ciyərləri bir qədər böyümüş, rəngi boztəhər, səthi qabarıqlı, bəzən tünd qırmızı rəngli bərkimiş sahələr, parenximada boşluqlar, bronx və bronxoiolalarda selikli maye və küllü miqdarda diktiokaulyoz törədicisi olur. Yadda saxlamaq lazımdır ki, ağ ciyərdə diktiokaulyoz törədicisinin tək-tək olmasının orqanizmə müəyyən mənfi təsiri olsa da, bu, heç də heyvanın diktiokaulyozdan ölməsinə səbəb olmur”, - deyə Yolçu Xanvəli vurğulayıb.

Onun sözlərinə görə, qurdun tənəffüs yollarına tökdüyü yumurtalar bəlğəmlə heyvanların ağzına düşür və udqunma zamanı ağız suyu ilə udularaq bağırsaqlara keçir. Bağırsaqlarda, əsasən yoğun bağırsaqda yumurtalardan sürfələr çıxır. Həmin sürfələri heyvan nəcislə ətrafa yayır. Xarici mühitdə bunlar inkişaf edib invazion mərhələyə çatır. Belə sürfələr yemlə və ya su ilə udulduqda bağırsaq divarlarında limfa və qan damarlarına düşərək ağ ciyərlərə gətirilir. Burada orta hesabla bir aydan sonra cinsiyyətcə yetişkən qurda çevrilir. Heyvan müalicə edilməzsə, qurdlar ağ ciyərdə 45 gündən bir ilədək qala bilir.

Diktiokaulyoz sürfələri əlverişli şəraitdə bir ilə yaxın diri qalıb heyvanları yoluxdurur. Ona görə də əvvəllər diktiokaulyozlu heyvanlar otarılmış sahələrdə mal-qaranın bu xəstəliyə yoluxma qorxusu olduğu nəzərə alınmalıdır.

Yolçu Xanvəli qeyd edib ki, diktiokaulyoz respublikanın müxtəlif iqlim zonalarında bir-birindən fərqli şəkildə baş verir. Ona görə də ayn-ayrı rayonlarda diktiokaulyoza qarşı profilaktik dərmanlama Dövlət Baytarlıq Xidmətinın yerli qurumları tərəfindən müəyyən edilmiş vaxtlarda aparılmalıdır.

“Diktiokaulyozla yoluxmanın qarşısını almaq üçün heyvanlar tam keyfiyyətli yemlərlə təmin olunmalı, mədəni otlaqlarda otarılmalı, növbəli otarma təşkil edilməlidir. Heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı müalicə işləri təsərrüfat sahibinin hesabına, eləcə də baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır”, - deyə Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.