REGİONLAR
Heyvanlarda profilaktik peyvəndləmə tədbirləri aparılır
Kürdəmir, 18 may, AZƏRTAC
Kürdəmir rayonunda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir və xroniki infeksion xəstəliklərin müəyyən olunması üçün diaqnostik müayinələr aparılır.
Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq Kürdəmirdə kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda 59 min baş iribuynuzlu, 119 min baş xırdabuynuzlu, 850 baş təkdırnaqlı heyvana baytar xidməti göstərilir. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən 17 baytar həkim ilə müqavilə bağlanıb.
Baytar həkimlər tərəfindən 2022-ci ilin ötən müddətində 37 min 642 baş xırdabuynuzlu heyvanda dabaq, 2868 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 300 baş iribuynuzluda leptospiroz, 6908 baş iribuynuzluda qarayara, 465 baş iribuynuzlu, 4174 baş xırdabuynuzluda bruselyoz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Profilaktik tədbirlər zamanı 20 min 350 kvadratmetr ərazi məcburi, 6000 kvadratmetr isə profilaktik dezinfeksiya edilib.
Hazırda heyvanlar arasında profilaktik peyvəndləmə davam etdirilir. Bunun üçün özəl baytar həkimlər lazımi peyvənd vasitələri və dezinfeksiya maddələri ilə təmin olunublar.
Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən bildirilib ki, ərazidə xüsusi təhlükəli infeksion xəstəlik qeydə alınmayıb, epizootik durum stabildir.