CƏMİYYƏT
Heyvanlarda stres yaradan amillərlə əlaqədar maarifləndirici buklet hazırlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində “tarladan süfrəyə” şüarı altında qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlərin miqyası genişləndirilir. Bu məqsədlə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən heyvanlarda stres yaradan amillər mövzusunda maarifləndirici buklet hazırlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, onun hazırlanmasında məqsəd ailə-kəndli təsərrüfatlarında, eləcə də heyvanlarda stres faktorların azaldılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirməkdir.
Bukletdə ekoloji tarazlığın pozulmasının heyvanlarda stresə səbəb ola biləcəyi göstərilir, həmçinin yemlə qəbul edilən zərərli maddələrin, həddən artıq isti və ya soyuğa məruz qalmanın, daşınma zamanı uyğunsuzluğun, eyni zamanda, keyfiyyətsiz yemləmənin də heyvanlarda stres yaradan faktorlar olduğu qeyd edilir.
Bukletin ailə-kəndli təsərrüfatlarında çalışan fermerlər arasında paylanılması nəzərdə tutulub.