CƏMİYYƏT


Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsinə dair tədqiqatlar aparılır

Bakı, 17 fevral, AZƏRTAC

Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qaraciyər köçürülməsinə nail olmağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmaz kütləvi informasiya vasitələrinə açıqlamasında deyib.

Professor, həmçinin bildirib ki, hazırda dünyada tibb sahəsində ən önəmli problemlərdən biri orqan transplantasiyasıdır: “Dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı çox olsa da, orqan çatışmazlığı var. Bəzən sağlam insanlar öz yaxınlarının həyatını qurtarmaq üçün donor olurlar. Lakin sağlam insanların öz orqanlarını bağışlamasının tərəfdarı deyiləm. Bundan başqa, beyin ölümü keçirmiş və vəfat etmiş insanların orqanları da xəstələrə köçürülür. Beyin ölümü keçirən insan bioloji və tibbi olaraq ölmüş insanlardır. Onların ağciyərləri və ürəyi cihazların köməyi ilə iki-üç gün fəaliyyətdə olur. Həmin zaman onların orqanlarını ehtiyacı olanlara nəql etmək üçün ən uyğun vaxtdır. Beyin ölümü keçirmiş şəxsin orqanları başqa xəstələrə köçürüləndə çox yaxşı fəaliyyət göstərir. Bəzən də ürəyi və ağciyəri işləməyən, yəni tamamilə ölən insanların da orqanları alına bilər. Lakin bu zaman həmin orqanların fəaliyyəti tam ürəkaçan olmur. Türkiyədə də orqan çatışmazlığı var. Yəni insanlar ölən yaxınlarının orqanlarını çox az halda bağışlayırlar. Hazırda həkimlər sağlam insanların öz yaxınlarına donor olması ilə problemi həll etməyə çalışırlar. Lakin əsas məqsəd sağlam insanlardan orqan nəqlini azaltmaqdır. Buna görə də araşdırmalar davam edir”.

“Türkiyə sağlam insandan qaraciyər nəqlində dünyada ilk sıralarda yer alıb. Qaraciyər Nəqli İnstitutu da nəinki Türkiyədə, hətta Avropada ən çox qaraciyər nəql edən mərkəzdir. İndiyədək institutda 2500 qaraciyər köçürülməsi həyata keçirilib. İl ərzində 250-300 arası qaraciyər nəqli reallaşır. Keçənilki rəqəm isə 272-yə bərabər olub”, - deyə professor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.