CƏMİYYƏT
Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir
Bakı, 24 yanvar, AZƏRTAC
Xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçısı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Həzi Aslanov Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdəndir. Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri Azərbaycan tarixinə yazılıb.
AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 109-cu ildönümünə həsr edilən “Qəhrəmanlıq və cəsarət nümunəsi Həzi” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə “Həzi Əhəd oğlu Aslanovun həyatı və döyüş yolu” mövzusunda məruzə ilə çıxış edən AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolundan danışıb, onun şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırıb. Bildirib ki, 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general-mayor rütbəsinə layiq görülən Həzi Aslanovun adı qəhrəmanlıq rəmzinə çevrilib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub.
Sonra muzeyin tədqiqatçı-elmi işçisi Gülnar Bəşirovanın “Azərbaycan İkinci Dünya müharibəsi illərində” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir. 1941-ci ilin iyununda müharibəyə yollanan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanrok, Kursk və digər şəhərlərin faşist işğalından azad olunmasında fəal iştirak edib, misilsiz qəhrəmanlıqlar göstərib.
Tədbirdə Həzi Aslanov haqqında sənədli film nümayiş olunub.