CƏMİYYƏT


Hicran Hüseynova: Qadın hüquqlarının müdafiəsi istiqamətində türkdilli ölkələrin əməkdaşlığı çox vacibdir

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türk Dünyası Qadın Platformasının (TÜRKAP) bir qrup fəal üzvü ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri türkdilli ölkələrlə əməkdaşlığın gücləndirilməsinin, həyata keçirilən layihələrdə səmərəliliyin artırılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, qadın hüquqlarının müdafiəsi istiqamətində türkdilli ölkələrin əməkdaşlığı çox vacibdir.

Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını deyən komitə sədri gender bərabərliyinin təmin edilməsinə dair bir sıra layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür. Bu gün Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının artması müşahidə olunur. Qadınlar müasir dünyada problemlərin həllində daha fəal iştirak etməli, xüsusən terrorizmə qarşı mübarizə, dövlətlərin ərazi bütövlüyü, ailə və uşaq hüquqları kimi məsələlərə həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar.

Türkiyə Böyük Millət Məclisinin üzvü Mihrimah Belma Satır Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb. Bildirib ki, Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atılıb. Bu, çox təqdirəlayiqdir. Türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmalarıdır. XXI əsrdə hədəflərə çatmaqda qadınlar daha iddialıdırlar. Xüsusilə də ağlın gücdən üstün tutulduğu sahələrdə qadın fəallığı getdikcə artır.

Görüşdə digər çıxış edənlər dünyada elm, təhsil, səhiyyə sahələrində qazanılan uğurlarda türk qadınlarının rolunun artdığını vurğulayıblar. Qeyd olunub ki, türkdilli dövlətlər arasında münasibətlərin daha da yaxşılaşdırılması, bütün səviyyələrdə əlaqələrin intensivləşdirilməsi üçün mühüm addımların atılması, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsində və həyata keçirilən layihələrdə səmərəliliyin artırılması istiqamətində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.