CƏMİYYƏT
Hikmət Əlizadə: Balıqartırmada kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk
Bakı, 11 oktyabr, AZƏRTAC
Əvvəllər su hövzələrinə çəkisi 1 qrama qədər olan balıqlar buraxılırdı. Onların sağ qalma ehtimalı 0.1-1 faiz arasında idi. Bu yaxınlarda nazirliyin balıqartırma təsərrüfatlarında yetişdirilən və çəkiləri 5-10 qram və 100 qram olan balıq körpələri Kür çayına buraxılıb. Çəkisi 5-10 qram olan balıqların yaşama şansı 70-80, 100 qramdan yuxarı olanların isə 90-100 faizdir. Suya buraxılan balıqlar böyük olduqca onların sağ qalacağı, nəsil artıracağı və gələcəkdə balıq ehtiyatlarının çoxalacağı gözlənilir. Ona görə də balıqartırmada kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Departament direktoru həmçinin deyib: "Kilkə balıqları nərəcinsli balıqların əsas yem bazasını təşkil edir. Son 20 ildə Xəzər dənizinə mneopsis leydinin gəlməsi kilkə balıqlarının sayının azalmasına səbəb olub. Belə ki, mneopsis leydi kilkə balıqlarını məhv edir. Nəticədə nərə balıqlarının yem bazasının tükənməsi onların sayının azalmasına təsir edir. Hazırda bu problem Xəzəryanı ölkələr üçün aktualdır və bunun üçün xüsusi tədbirlər hazırlanır".