CƏMİYYƏT


Hikmət Əlizadə: Meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır

Bakı, 5 avqust, AZƏRTAC

Bir qrup Yardımlı sakininin meşələrin odun tədarükü məqsədilə qırılmasının qarşısının alınması və kəndlərin qazlaşdırılması ilə bağlı müraciətini Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə şərh edib:

AZƏRTAC xəbər verir ki, H.Əlizadə deyib: “Vətəndaşların narahatlığı başa düşüləndir. Onların qışda evlərini istiliklə təmin etmək arzusu qanuni hüquqlarıdır. Lakin müraciətdə deyilən və guya son illərdə 3 milyondan artıq ağacın qırılması faktı şərti səsləndirilib. O həcmdə qırıntı həmin ərazilərdə yoxdur və ola da bilməz. Bununla belə, qaldırılan məsələ bu gün üçün olduqca aktualdır və demək olar ki, bütün əhalimizin həssaslıqla izlədiyi meşələrin mühafizəsi məsələsində meşələrə oduncaq tədarükü mənbəyi kimi baxanların münasibətinin dəyişməsi üçün vacib müzakirə mövzusudur”.

Xidmətin rəsmisi bildirib ki, hazırda Azərbaycanda 988 kənd qazlaşdırılmayıb. Bu il üçün isə yalnız 6 kəndin qazlaşdırılması nəzərdə tutulub və onlardan yalnız biri Yardımlı rayonunun ərazisinə düşür: “Əlbəttə, bir kənd rayon üçün çox az bir rəqəmdir. Həm biz, həm də yerli icra orqanları bu məsələlərin tez bir zamanda həllində çox maraqlı olmalıyıq. Digər bir məsələ isə qazlaşmış kəndlərdə bəzilərinin qaz pulunu öz ciblərinə və ailə büdcələrinə uyğun saymadığı üçün həmin pulu ödəməkdənsə, meşəyə, qanunsuz qırıntıya və ya qanunsuz yolla odunun əldə olunmasına üz tutmasıdır. Odur ki, qazlaşmış kəndlərin icra orqanlarından çox xahiş olunur ki, əhalini həmin qazdan istifadə etmək barədə maarifləndirsinlər”.

Nazirlik rəsmisinin sözlərinə görə, ümumiyyətlə, hamı tərəfindən qəbul olunmalıdır ki, ölkədə odun tədarükü limitlənmiş bir anlayışdır və son onilliklər ərzində odun tədarükünə ayrılmış limit Nazirlər Kabinetinin müvafiq Qərarı ilə cəmi 64 min kubmetr həcmində müəyyən olunur: “Ona görə də bu limitə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi qış mövsümü üçün bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı prosesini həyata keçirir və ilk növbədə tədarük olunan odun Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərti ilə verilir. Amma uzun illərdir ki, bu limit dəyişmir. Nəzərə alsaq ki, əhalinin sayı artır, kəndlərimiz böyüyür, eyni zamanda, Qarabağ ərazisi işğaldan azad edilib və həmin ərazilərdəki hərbi hissələrin də oduna ciddi ehtiyacı var. Bu səbəbdən də, hazırda tələb təklifi üstələyir və insanlar meşələrə üz tutur, qanunsuz qırıntılar baş verir. Bunun baş verməməsi üçün biz dəfələrlə əhaliyə, yerli idarəetmə orqanlarına müraciət etmişik ki, alternativ enerji mənbələri barədə düşünsünlər. Doğrudur, bu problemin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəçilərdən biridir, lakin əsas maraqlı tərəf birbaşa yerli icra orqanları olmalıdır. Çünki burada onların rəhbərlik etdiyi ərazilərdə yaşayan əhalinin ehtiyaclarının ödənilməsi və istiliklə təminatından söhbət gedir”.

Hikmət Əlizadə əlavə edib ki, alternativ enerji mənbəyindən biri kimi nazirlik tərəfindən bu gün bir çox ölkələrdə tətbiq olunan briketlərin istehsalına və ondan istifadəyə keçid təklif olunub: “Briketlər odunu əvəz edir, odundan qat-qat artıq istilik verir və uzun müddət yanır. Bu baxımdan onların istifadəsi həm səmərəlidir, həm də meşəyə olan ehtiyacı azaldır. Zənnimcə, bu istiqamətdə düşünməyin vaxtıdır və olduqca zəruridir. Yerli icra orqanları bilməlidirlər ki, əhali alternativ yanacaqla təmin olunmadıqda, istilik ehtiyacını ödəyə bilmədikdə meşələrə üz tutacaq. Həmçinin xarici ölkələrdən briket və bu tipli məmulatların gətirilməsi işinin stimullaşdırılması məsələsinə baxılmalıdır. XXI əsrin öz tələbləri və standartları var. Odunla qızınmaq həmin standartlara heç də uyğun sayıla bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.