CƏMİYYƏT


Hikmət Əlizadə: Son aylarda havaya normadan artıq tullantı atılır

Bakı, 20 oktyabr, AZƏRTAC

Havaya atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə 2018-2019-cu illərdə həm Bakı şəhərində, həm də əksər regionlarda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılması, filtrlərin saz vəziyyətə gətirilməsi ilə bağlı tədbirlər görülüb. 2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar əsasən şadlıq saraylarının fəaliyyətini dayandırması ölkənin, eləcə də paytaxtın havasının təmizlənməsinə müəyyən qədər töhfə verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, son aylarda koronavirus pandemiyası ilə bağlı qoyulan bir sıra qadağaların götürülməsi nəticəsində, xüsusən, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən yenidən havaya tüstü və iy-qoxunun yayılması müşahidə edilir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur: “Bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən və havaya normadan artıq tullantı atıldığından əhalidə narahatlıq yaradan bu vəziyyətin aradan qaldırılması üçün yenidən monitorinq və nəzarət tədbirlərinə başlanılacaq. Havaya normadan artıq tullantı atan obyekt sahibləri barəsində tərəfimizdən ciddi tədbirlər görüləcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.