CƏMİYYƏT
Hikmət Əlizadə: Turistlərin qoruqlarda nadir təbiət nümunələri ilə tanış olmalarına imkan yaradılacaq
Bakı, 11 yanvar, AZƏRTAC
Yalnız milli parklarda həyata keçirilən ekoturizm təbiətdən zövq almaq və onu dərk etmək məqsədi daşıyır. Lakin qoruqlara da turistlərin girişi və oradakı nadir təbiət nümunələri ilə tanış olmaları istiqamətində işlər aparılır. Bu il həmin istiqamətdə görülən işlər təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.
Direktor bildirib ki, bu məqsədlə qoruqlarda müşahidə məntəqələri yaradılacaq. Həmin məntəqələr vasitəsilə qoruğa daxil olmadan xüsusi mühafizə olunan ərazinin maraqlı yerlərini, bitki və heyvanat aləmini müşahidə etmək mümkün olacaq.
H.Əlizadə son üç ildə milli parkları ziyarət edən turistlərin sayının 300 mini ötdüyünü bildirib. O deyib ki, əgər əvvəllər Göygöl Milli Parkına axın daha çox idisə, hazırda digər milli parklara da maraq artıb. Belə ki, ötən ilin statistikasına görə Şahdağ və Şirvan milli parklarına gələn turistlərin sayında artım qeydə alınıb.