SİYASƏT


Hikmət Babaoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması kimi qiymətləndirilməlidir

Bakı, 25 aprel, Səadət Hakıyeva, AZƏRTAC

ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, əslində, 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər. Ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı da soyqırımı aktı həyata keçiriblər və nəhayət, 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımına əl atıblar.

Hikmət Babaoğlu deyib: “Əgər Co Bayden soyqırımı ifadəsi işlətmək istəyirsə, ilk növbədə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gəldikdə isə, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var (Doğu Perincək məsələsində). Bir də ki, “soyqırımı” ifadəsi ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni, ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur”.

Deputat vurğulayıb ki, 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalarına əsla uyğun deyil. Bayden “soyqırımı” silahını ermənilərin də əlindən aldı. Ən təhlükəli fikir isə Baydenin “Biz bunu (soyqırımını qəbul etməyi) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir. Bu fikrin sətiraltı məzmunu Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək və həmçinin regionda altıtərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləməkdir.

“ABŞ prezidenti həm də Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük Vətən müharibəsində ermənilərin tarixi məğlubiyyətinin səbəbkarı kimi rəsmi Moskvanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir.

ABŞ prezidentinin “soyqırımı ifadəsi”ni işlətməsi tarixin təhrif olunması ilə bərabər, beynəlxalq hüququn nüfuzdan salınması kimi də qiymətləndirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.