SİYASƏT


Hikmət Babaoğlu: Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan mətbuatının problemləri və qayğıları daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Mediamızın bugünkü inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həlli, evlə təmin olunması, çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsi və s. kimi mühüm məsələlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır. Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və mümkün problemləri əvvəlcədən həll etmək baxımından olduqca əhəmiyyətlidir.

Deputat deyib ki, dövlətimizin başçısı informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir. Bu, milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğrudan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan biri kimi çıxış edir. Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti, əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir.

Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir: “Biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.