SİYASƏT


Hikmət Babaoğlu: Azərbaycan xalqının milli yaddaşı bütövdür və obyektiv əsaslarda formalaşıb

Bakı, 27 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Hazırda Azərbaycan bütün milli resurslarını, o cümlədən diplomatik və informasiya imkanlarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir. Ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də, qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir. Bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, ərazi bütövlüyümüzün bərpa olunmasını tələb edir. Amma təəssüf ki, içərimizdə olan “beşinci kolon” nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər ermənilərin lehinə addımlar atır, bəyanatlar verirlər.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu fikirləri AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib ki, başda Əli Kərimli olmaqla bir qrup radikal xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə, mübarizə əzminə kölgə salmağa çalışır. Xaricdə yaşayan Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və digərləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri ermənilərin prizmasından qiymətləndirərək onu gözdən salmağa çalışır, gərəksiz addım kimi dəyərləndirirlər: “Belə yanaşma, əslində, xalqımızın milli mübarizəsinə xəyanətdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif internet resurslarında fəal olan bu şəxslər sanki eyni mərkəzdən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli mübarizəsini və milli maraqlarını hədəfə alırlar. Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onların azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycan xalqının milli yaddaşı bütövdür və obyektiv əsaslarda formalaşıb. Xalq milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başında ona xəyanət edənlərin boykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək, ona mane olanlar isə yenə də siyasi sistemimizin autsayderləri olaraq qalacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.