SİYASƏT


Hikmət Babaoğlu: Azərbaycanlılar və çeçenlər əcdadlarımızdan bizə miras qalan qardaşlıq ənənələrinə sadiqdirlər

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 15–də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. Azərbaycan və çeçen xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu, azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daim inkişaf etdirərək diqqət mərkəzində saxladı. Bunun ən bariz nümunələrindən biri də Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərimizin daha da dərinləşməsidir və Azərbaycan Prezidenti bu münasibətlərə böyük diqqət göstərir. Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəni şərh edərkən haqlı olaraq bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Doğrudan da xırda məişət hadisəsini münaqişə kimi təqdim etmək olmaz. Biz elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir–birinə xətər yetirdiyini, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq diqqəti məsələnin başqa bir aspektinə də yönəltmək lazımdır. Bu məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz lehlərinə kompensasiya etmək üçün bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı, hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.