SİYASƏT


Hikmət Babaoğlu: Bakı Bəyannaməsi Milli Məclisin beynəlxalq əlaqələr sahəsində səmərəli fəaliyyətinin göstəricisidir

Bakı, 2 avqust, AZƏRTAC

Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi Qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa “Böyük qayıdış” və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bundan başqa, hər hansı qeyri-adi məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda tarixi Zəfərə imza atan qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahələrdə bütün mümkün işləri uğurla həyata keçirir. “Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Milli Məclis yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi Milli Məclisin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının göstəricisidir. Buna paralel olaraq, 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər”, - deyə deputat qeyd edib.

H.Babaoğlu vurğulayıb ki, Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həlli istiqamətində atılan addımlar da ictimaiyyətin təqdir etdiyi hadisədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.