SİYASƏT


Hikmət Babaoğlu: Brüsseldə keçirilən üçtərəfli görüş sülh danışıqları prosesinin yeni mərhələsidir

Bakı, 25 may, AZƏRTAC

Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən əvvəl ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatdan sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpan razılaşmalar əldə edildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat vurğulayıb ki, üçtərəfli görüşdə indiyədək müzakirə olunmayan məsələlərə toxunulub. “Erməni tərəfinin bütün israrlarına baxmayaraq, heç bir status məsələsi gündəmə daxil edilmədi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə, Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bununla da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cəhdlərinə birdəfəlik son qoyuldu. Görünür, yalnız bu həqiqətlər Paşinyan tərəfində yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən-birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar, ilk növbədə, sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi”, - deyə H.Babaoğlu qeyd edib.

Mümkün sülh prosesi üçün sərhədlərin qarşılıqlı şəkildə tanınması prioritet məsələlərdən olduğunu qeyd edən deputat deyib: “Kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə Baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi də vacib məsələdir. Burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələlərdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsidir. Əslində, danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən biri də bu idi”.

H.Babaoğlunun sözlərinə görə, bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi ilə bağlı paralelin təşkil edilməsi baxımından aktual idi. Humanitar blokda mina xəritələrinin verilməsi və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələsi müzakirə olundu. Beş saatlıq görüşdə hər iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, bu görüşün baş tutması iyul–avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yaradacaq. Bu səbəblərdən Brüssel görüşlərinin üçüncü raundunu ən məhsuldar hissə kimi qiymətləndirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.