SİYASƏT
Hikmət Babaoğlu: Dünyada təhlükəsizliyi təhdid edən risklərin artdığı bir vaxtda Azərbaycanda sabitlik və inkişaf mövcuddur
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi. Prezident ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycandakı sabitliyi qlobal proseslər kontekstində qiymətləndirərək qeyd etdi ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. Bu öz-özlüyündə həm Azərbaycanın inkişafını, həm də təhlükəsizliyini təmin edən sosial-siyasi faktordur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat bildirib ki, dünyada təhlükəsizliyi təhdid edən risklər artmaqdadır və köhnə risk ocaqları ləğv edilməmiş yeni belə risk mənbələri yaranır. Bu kontekstdə münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir. Doğrudan da hazırkı beynəlxalq münasibətlər sistemində bir dövlətin milli aktor kimi özünün təhlükəsizliyini təmin etməsi heç də asan deyil. Çünki “Seccurity Community” adlandırılan, yəni, mühafizə olunan cəmiyyətlərdən kənardakı sosial topluluq əsas etibarilə, Qərb və Şimali Atlantika strateji rayonlarını əhatə edir. Bunlardan kənarda milli aktorların öz təhlükəsizliyini təmin etməsi çox çətin məsələdir. Lakin buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur. Ancaq milli təhlükəsizliyin təmin olunması o qədər də sadə məsələ deyil. Beynəlxalq münasibətlərdə çoxsaylı iştirakçılar var və onların hər birinin öz maraqları mövcuddur.
H.Babaoğlu qeyd edib ki, belə olan halda, mütləq toqquşan maraqların uzlaşdırılması və əməkdaşlıq platformasında qarşılıqlı maraqların təmin olunması çox vacibdir. Bu kontekstdə Prezident Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə toxunaraq bildirdi ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıb. Hikmət Babaoğlunun fikrincə, bu aspektdə önə çıxan məsələlərdən biri də Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasıdır. Bildiyiniz kimi, Azərbaycan 5 Xəzəryanı ölkə ilə qonşudur və dünyada təhlükəsizliyi təhdid edən bu qədər risk ocaqları olduğu zamanda bir də qonşu ölkələrlə anlaşılmazlığın olması, əlbəttə ki, ciddi narahatedici məsələlərdən biri idi. Uzun illərdir davam edən danışıqların bəhrə verməsi, Xəzər ətrafında yeni şərtlərin formalaşdırılması həm onu sülh dənizinə çevirdi, həm də Xəzərin resurslarından istifadə olunması üçün yeni perspektivlər yaratdı, eyni zamanda, Xəzərdə yeni neft-qaz kommunikasiyalarının yaranması üçün də şərtlər formalaşdırdı. Bu, Azərbaycan diplomatiyasının uğuru idi.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, başqa vacib məsələ isə beynəlxalq təşkilatlarla münasibətlər və onların hazırkı səviyyəsidir. Prezident İlham Əliyev söylədi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Hikmət Babaoğlu deyib: “Burada isə başlıca məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır ki, bu da bizim xarici siyasətimizin əsas prioritetlərindən biridir. Dünyanın ən böyük hərbi-siyasi təşkilatlarından biri olan NATO-nun 2018-ci il zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və nüfuzundan xəbər verir. Əlbəttə ki, xarici siyasətin qarşısında duran əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir. Bu istiqamətdə atılan strateji addımlar sayəsində Azərbaycan ordusunun gücü daim artır, ölkəmizdə hərbi paradlar və hərbi-sənaye məhsullarının sərgisi keçirilir. Əslində əsas məqsəd işğalçı ölkəyə gücümüzün nümayiş etdirilməsidir. Çünki güc nümayişi olmasa, sülhə məcburetmə də mümkün olmur”,- deyə H.Babaoğlu bildirib.
O vurğulayıb ki, ötən doqquz ayda Azərbaycan xalqının sosial rifahı və iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ötən 9 ay ərzində valyuta ehtiyatlarımız daha 3 milyard artaraq 45 milyarda çatıb. Bu, ciddi göstəricidir. Eyni zamanda, Azərbaycanda sosial problemlərin həll olunması, qaçqın və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir. Prezident görüləcək işlərlə bağlı önümüzdəki mərhələdə iqtisadi islahatların daha da dərinləşəcəyini bildirdi və həyata keçirilən bu layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd etdi.