CƏMİYYƏT
Hikmət Babaoğlu: Ekoloji terror siyasətini sistem halına gətirən bədnam qonşumuz Azərbaycana külli miqdarda ziyan vurub
Bakı, 7 iyul, AZƏRTAC
Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu terror siyasəti həm işğal altında saxlanılan torpaqlarımızda, həm də transsərhəd çaylarımızda baş verib. Mənfur qonşumuz cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub. Şübhəsiz ki, Ermənistanın bu çirkin əməlləri öz hüquqi qiymətini alacaq və o mütləq cəzalandırılacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu, məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəf isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn, Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə, iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb.
YAP İdarə heyətinin üzvü diqqətə çatdırıb ki, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən hətta zaman-zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və hökuməti isə nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur. Bu ölkə Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini heçə sayır. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni ört-basdır etməklə məsələni gündəmdən çıxarmağa çalışır.
Hikmət Babaoğlunun sözlərinə görə, Almaniyanın Yaşıllar Partiyası isə ümumiyyətlə, mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli, buradan belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Başqa digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır.
“Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı məsələni gündəlikdən çıxarmaq üçün informasiya terroru da həyata keçirməkdən utanmır. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunəsidir. Ancaq Azərbaycan hökuməti mütləq bu cür hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”, -deyə deputat bildirib.