SİYASƏT


Hikmət Babaoğlu: Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq

Bakı, 11 mart, AZƏRTAC

Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq. Çünki Azərbaycan buna əsaslı imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır. Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib.

Deputat qeyd edib ki, Paşinyan baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç işğalçı ölkənin özündə inanmırlar. Bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgəri Ermənistan vətəndaşıdır.

Paşinyanın diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olduğunu deyən H.Babaoğlu bildirib ki, onun iddialarına özündən başqa heç kəs reaksiya vermir. Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatında da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir.

“BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək. Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır”,- deyə Milli Məclisin deputatı əlavə edib. O bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq. Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasıdır və bundan sonra substantiv danışıqlar baş tutmazsa Azərbaycan tərəfi daha radikal addımlar ata bilər. Belə addımlara isə işğalçı ölkə yaxşı bələddir çünki 2016–cı və 2018–ci il hadisələrini unutmaq mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.