SİYASƏT


Hikmət Babaoğlu: Hərbi parad Azərbaycanda ordu quruculuğunun necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilmiş hərbi parad, əslində, ölkəmizdə ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatının sözlərinə görə, hər bir azərbaycanlı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur. Ona görə də Ali Baş Komandan, Prezident İlham Əliyev öz nitqində bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək: “Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi, işğalçı Ermənistanda da qorxu və vahimə yaradır”.

Hikmət Babaoğlu deyib: “Təsadüfi deyil ki, Ali Baş Komandanımızın çıxışından dərhal sonra işğalçı Ermənistan mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başladı. Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır”. Hikmət Babaoğlunun fikrincə, aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam edir. “Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Hazırkı hərbi vəziyyəti təsvir edən Prezident İlham Əliyev dedi ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”, - deyən baş redaktor əlavə edib ki, paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah və sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval-ruhiyyəsi hazırkı vəziyyətdə Azərbaycanın üstünlüyünü diktə edən əsas amillərdir. Üstəlik, ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələrinin olması, bu müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qisminin xaricə ixrac edilməsi hərbi sənaye kompleksimizin və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir: “Ona görə də regionumuzda və dünyada beynəlxalq hərbi-siyasi şərtlər də uyğun olan kimi Azərbaycan Ordusu bircə həmlədə ərazi bütövlüyümüzü bərpa edəcək. Şübhəsiz ki, paralel olaraq, Azərbaycan diplomatiyası və xarici siyasət institutları da bu şərtlərin lehimizə olması üçün lazımi işlər həyata keçirməkdə davam edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.