SİYASƏT


Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı. Hər şeydən əvvəl, dövlətimizin başçısı müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və bu şəraitdə beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin davranışlarını təhlil edərək mövcud prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu. Məhz bu kontekstdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirərək onları qlobal informasiya məkanında rəy formalaşdıran institusional vahidlər kimi təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı. Ümumiyyətlə, milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərib. Media nümayəndələri ilə çoxsaylı görüşləri bunun əyani sübutudur və həmişə çalışıb ki, öz işi ilə medianın inkişafına dəstək versin.

H.Babaoğlu qeyd edib ki, dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. “Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”. Bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından, istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Mətbuat hər bir cəmiyyətdə fikir plüralizmini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir. Əslində, bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, medianın, xüsusilə də çap mətbuatının və internet resurslarında mövcud olan müxtəlif yeni mətbuat nümunələrinin problemlərinin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi.

Hikmət Babaoğlu əlavə edib ki, ümumiyyətlə, Prezident İlham Əliyev müsahibəsində hazırkı beynəlxalq münasibətlər və onun gücünə əsaslanan yeni reallıqlardan tutmuş, ölkəmizin uzun illərdir güc mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi milli strategiyaya, eyni zamanda, beynəlxalq iqtisadi layihələri uğurla həyata keçirməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı kimi mühüm məsələlərə toxunaraq bundan sonra da islahatların davam etdiriləcəyini diqqətə çatdırdı, bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.