SİYASƏT
Hikmət Babaoğlu: Radikal müxalifəti hərəkətə gətirənlər Azərbaycanı sevməyən qüvvələrdir
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 19-da radikal müxalifət mitinq keçirdi və bəlli oldu ki, ictimai diqqətə çatdırmaq istədikləri fikirlər düz 25 il bundan əvvəl səsləndirdikləri fikirlərin eynisidir. Bu, onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, müxalifətin düşüncəsi və müxalifətçilik fəlsəfəsi dəyişməyib. Əvvəlki illərdə olduğu kimi, marginaldır, dağıdıcıdır və milli mənafelərimizə ziddir. Elə ona görə də 10 müxalif təşkilatın, yaxud partiyanın birgə təşkil etdiyi mitinqə cəmisi 2800-ə qədər insan qatıldı ki, bunların da mütləq əksəriyyəti ənənəvi olaraq belə mitinqlərdə iştirak edən bir növ “ştatlı” mitinqçilərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
“Məsələ ondadır ki, cəmiyyətdə mitinqin keçirilməsini aktual edən səbəb yoxdur. Belə halda radikal müxalifətin niyə mütləq mitinq keçirmək istədiyinin iki səbəbi ola bilər. Ya radikallar ictimai nəbzi tuta bilmirlər, ya da mitinqin keçirilməsi xaricdən gələn siyasi sifarişdir və konkret maliyyə dəstəyi əsasında baş tutur. Şübhəsiz ki, ikinci səbəb doğrudur, çünki hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur və bu mərhələ ölkəmizi daha qüdrətli edəcək. Ən vacib məsələ isə odur ki, bu mərhələdə həyata keçirilən dərin islahatlar cəmiyyətimizdə, iqtisadi və idarəetmə sistemimizdə elə radikalların hakimiyyəti dövründə əsası qoyulan xeyli sayda neqativ halları köklü şəkildə sıradan çıxaracaq, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və rolunu daha da artıracaq, Azərbaycanın islahatçı ölkə imicini daha da dərinləşdirəcək və nəticədə dinamik inkişafla müşahidə edilən tərəqqi daha da sürətlənəcək. Ən əsas məsələlərdən biri də budur ki, Azərbaycanın yaratdığı yeni geostrateji reallıq 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlara yeni impulslar daxil edəcək. Yeni ilin elə ilk ayında baş verənlər də bunu sübut edir”, - deyə deputat qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, bütün bunlar, əlbəttə, antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Azərbaycanın lehinə formalaşmış bu yeni geostrateji reallığı onun əleyhinə çevirmək üçün, ilk növbədə, ölkədə xaos yaratmaq, Azərbaycanı suriyalaşdırmaq, onun beynəlxalq imicini korlamaq hazırda ölkəmizi sevməyənlərin əsas məqsədidir və radikal müxalifəti də hərəkətə gətirən onlardır. Məhz bu məqsədi həyata keçirmək üçün mitinqin arzuolunan nəticəni vermədiyini görən radikallar bir gün sonra - yanvarın 20 də milli-mənəvi dəyərimiz olan Şəhidlər xiyabanını ziyarət etmək bəhanəsi ilə süni şəkildə polislə qarşıdurma yaratmağa cəhd göstərdilər və bunu sosial şəbəkələr vasitəsilə siyasi şouya çevirmək istədilər. Məqsəd Azərbaycanın antidemokratik obrazını yaratmaq, onun beynəlxalq ictimai rəydə imicinə zərbə vurmaq idi. Ancaq bu, baş tutmadı, çünki ictimaiyyət nəyin necə və nə üçün baş verdiyinin fərqindədir. Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin suriyalaşdırılaraq xaosa sürüklənməsinə, imperialist mərkəzlərin terror poliqonuna çevrilməsinə icazə verməyəcək.