SİYASƏT


Hikmət Babaoğlu: Şuşada tətbiq edilən yeni idarəetmə forması nümunəvi model rolunu oynayacaq

Bakı, 28 yanvar, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar hadisədir. Bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da, mülki idarəetmənin forması və funksiyası müəyyən edilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki, işğaldan azad edilmiş ərazilərimizə elə idarəetmə forması tətbiq ediləcək ki, gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin. Bu səbəbdən Şuşaya Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi, əslində, həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

“Prezident İlham Əliyev tətbiq edilən yeni formanı Prezidentin xüsusi nümayəndəsi institutu adlandırdı”, - deyən deputat diqqətə çatdırıb ki, yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır. Bu təsisat olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər. Çünki yeni forma dövlət bürokratiyasından kənar birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda Azərbaycanın tarixi böyük qayıdış planı kimi bir planı var və o artıq icra edilməkdədir. 2021-ci ilin büdcəsində bu qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2.2 milyard maliyyə vəsaiti ayrılıb. Sürətli və səmərəli qayıdışın təmin edilməsi də paralel olaraq sürətli, çevik və şəffaf idarəetmə tələb edir. Yeni idarəetmə forması həm də öz funksionallığı ilə bu vəzifənin öhdəsindən gələcək.

Deputat deyib: “Şuşaya xüsusi nümayəndəsini təyin edən Azərbaycan Prezidenti onun qarşısında mühüm vəzifələr də qoydu. Bu, hər şeydən əvvəl Şuşa şəhərinin tarixi görkəminin, tarixi mədəni və dini abidələrimizin bərpa olunması, ənənəvi festivallarımızın və poeziya günlərimizin keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərimizin bütün infrastrukturunun modern əsaslarda yenidən qurulması və s. kimi mühüm işlərlə bağlı idi. Ona görə də bəri başdan söyləmək mümkündür ki, Şuşada tətbiq edilən yeni idarəetmə forması və orada görüləcək işlər işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə də tətbiq edilməklə nümunəvi model rolunu oynayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.