SİYASƏT
Hikmət Babaoğlu: Tacikistan Prezidentinin Azərbaycana səfəri hər iki ölkənin milli maraqlarının təmini baxımında faydalıdır
Bakı, 11 avqust, AZƏRTAC
Tacikistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı. Bu sənədlər təhsil, mədəniyyət, humanitar sahədən başlamış iqtisadiyyat və sənaye sahələrinə qədər geniş bir spektri nəzərdə tutur. Əldə olunan razılaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividendlər vəd edir. Siyasi sahədə Tacikistan və Azərbaycan daim bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə bir-birlərinin maraqlarını müdafiə ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daim qarşılıqlı maraqlar nəzərə alınıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, iqtisadi sahədə Tacikistan Azərbaycanın neft məhsullarına, həmçinin metallurgiya sahəsinə ciddi maraq göstərir. Eyni zamanda, coğrafi nöqteyi-nəzərdən nəqliyyat-kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adıçəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir. İstər İpək Yolu nəqliyyat dəhlizinin, istərsə də Azərbaycanın neft-kimya sənayesinin Tacikistan iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd etdiyini deyən deputat vurğulayıb ki, imzalanan sənədlər arasında bu məsələlər də öz əksini tapıb. H.Babaoğlunun sözlərinə görə, bu, həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir. Səfərin ən mühüm hadisələrindən biri isə prezidentlərin imzaladığı birgə bəyannamədir. “Bu, ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan, Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində və eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq, həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq Tacikistan Prezidentinin Azərbaycana səfərini hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”,- deyə Hikmət Babaoğlu bildirib.