SİYASƏT
Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan qardaşlığı bir millət, iki dövlət olmanın reallığından irəli gəlir
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakının işğaldan azad edilməsi münasibətilə təşkil olunan təntənəli paradda Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, 100 il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Prezidentimizin bu sözləri Türkiyə-Azərbaycan münasibətlərinin son yüz ildəki və bugünkü vəziyyətinin ən yaxşı təsviri və təsbitidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi bu və ya digər siyasi-iqtisadi maraqlarla izah edilə biləcək hadisə deyil, daha alt qatlarda xalqlarımızın birliyindən, bir millət, iki dövlət olmanın reallığından doğan hadisədir. Bu gün də, elə yüz il bundan qabaq da beynəlxalq münasibətlər sistemində xalqların öz maraqlarını qorumaq yarışı və rəqabəti içərisində olduğunu deyən H.Babaoğlu vurğulayıb ki, Türkiyə və Azərbaycan xalqları da bir millət olduğu üçün milli maraqları da eynidir. Belə tarixi təbii müttəfiqlik isə həmişə ölkələrimizin inkişafı və təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Ona görə də hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində də milli maraqlarımızın və ümumi mənafeyimizin təmin olunması birlikdə olmağımızdan keçir. Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı tədbirlərin belə təntənəli şəkildə keçirilməsinin bir səbəbi də tarixi yaddaşımızı yeniləmək və gənc nəslə bunu bir daha yenidən təbliğ etməkdən ibarət idi. Çünki tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir. Tarixi yaddaşı olmayan xalq altsheymer xəstəsinə bənzəyir. Hamı onu tanıyır, o isə heç kəsi, nə dostunu nə də düşmənini tanımır. Ona görə də bəzən tarixi yaddaşın elə bu şəkildə, kütləvi formada yenilənməsinə çox böyük ehtiyac var.
H.Babaoğlu əlavə edib ki, Prezident İlham Əliyev məhz bunları nəzərə alaraq bildirdi ki, sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq.
Milli Məclisin deputatı vurğulayıb ki, doğrudan da bu mühüm tarixi hadisə əslində Türkiyə-Azərbaycan münasibətlərinin həm çoxəsrlik qardaşlığının bir növ xülasəsi, həm də yeni yüzillikdəki münasibətlərinin gələcəyinin təməl daşları idi. Bu münasibətlər tarix durduqca yaşayacaq və xalqlarımızın birgə gələcəyinin qardaşlıq əsasında qurulmasına öz böyük töhfəsini verəcək. Ona görə də Prezident İlham Əliyev qeyd etdi ki, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz, bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. Düşünürəm ki, bu sözlərin özü də elə tarixi sözlərdir və Türkiyə-Azərbaycan qardaşlığının gələcəyi üçün mühüm əhəmiyyətli siyasi tezislərdir.