SİYASƏT
Hikmət Babaoğlu: Xalqına xəyanət edəni nə cəmiyyət, nə tarix əfv edir
Bakı, 24 may, AZƏRTAC
Xalqına xəyanət edəni nə cəmiyyət, nə tarix əfv edir. Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmini çəkməklə xalqına xəyanət, dövlətinə və millətinə qarşı düşmənçilik etdi. Ancaq məsələ təkcə bu da deyil. Onun çəkdiyi film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı səmərəli yumşaq güc silahı olacaq. Əslində bu film elə erməni maliyyəsi və erməni xislətilə çəkilib. Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir.
Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan xalqına qarşı ən qəddar faşizm hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malibəyli faciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini Zori balayanlar soyub. Çəkdiyi filmlə İbrahimbəyovun özünü erməni faşistlərilə bir sıraya qoyduğunu deyən Hikmət Babaoğlu vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər filmdə bizim onlara qarşı etdiyimiz kimi göstərilib.
“Bu namərdlik və əxlaqsızlıqdır. Filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi azərbaycanlıların ermənilərə qarşı olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn qoca erməni döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır”, - deyə H.Babaoğlu bildirib.
Deputat deyib ki, son yüz ildən artıq bir dövrdə ermənilər tərəfindən soyqırımına, hər cür vəhşiliyə məruz qalan, lakin bununla belə heç bir vaxt silahsız insanlara atəş açmayan, daim öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətkarlıqdır.
“Azərbaycan xalqı R.İbrahimbəyovun bu iyrənc hərəkətini heç vaxt unutmayacaq”, - deyən müsahibimiz vurğulayıb ki, R.İbrahimbəyov ermənilərə xidmət edən, erməni işğalına bəraət qazandıran bu filmi çəkməklə Əkrəm Əylislini və onun iftira dolu “Daş yuxular”ını da kölgədə qoyub. Millətinə xəyanətdə ondan da bir addım qabağa gedib. Ə.Əylisli Azərbaycan cəmiyyətinin bir qismini hədəf alaraq təhqir edirdisə, İbrahimbəyov bütövlükdə Azərbaycan xalqını, onun dəyərlərini hədəfə çevirir. Hələ üstəlik də bu mənəviyyat və bu əxlaqla siyasətçi olmağa cəsarət edir. Ermənipərəst mərkəzlərin yaratdığı “Milli Şura” layihəsində yer alır. Bu uydurma qurumdan prezidentliyə namizəd olaraq irəli sürülür. İndi həmin “Milli Şura”nın həmsədrləri olan Cəmil həsənlilər, Əli kərimlilər görəsən İbrahimbəyovu niyə qınamırlar. Axı söhbət Azərbaycan xalqını təhqir etməkdən, onu gözdən salmaqdan gedir. Həqiqi siyasətçi və həqiqi Milli Şura bunu qəbul etməməlidir. Hikmət Babaoğlu əlavə edib ki, həsənlilər və kərimlilər də ibrahimbəyovlar kimi eyni erməni ağalarından tapşırıq alırlar və əsla belə xəyanətləri qınaya bilməzlər. Ancaq Azərbaycan xalqı belə xəyanətləri çox görüb. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək neçə xəyanətlərin öhdəsindən gəlməyi bacarıb, 2016-cı ilin aprel hadisələrində ən yeni hərbi-siyasi tariximizin şanlı səhifəsini yazıb. Erməni işğalçılarını narahat edən də, ibrahimbəyovları, əylisliləri, kərimliləri özündən çıxaran da elə budur. Ancaq xalqımız kimin kim olduğunu yaxşı bilir və bu filmi çəkənləri heç zaman bağışlamayacaq.