İDMAN


Hikmət Hacıyev: Əsas hədəf kikboksinqçilərimizin ölkəmizi dünya birinciliyində yüksək səviyyədə təmsil etmələridir

Bakı, 6 iyul, AZƏRTAC

Gənclər və yeniyetmələr arasında kikboksinq üzrə XXVI Azərbaycan birinciliyinin təşkilində əsas məqsədlərdən biri ölkəmizdə bu idman növünün populyarlığını artırmaqla yanaşı, İtaliyada keçiriləcək dünya birinciliyinə gedəcək milli komandanın tərkibinin müəyyən olunması idi. Yarış WAKO qaydalarına əsasən, low-kick versiyası üzrə keçirilib. Üç gün gərgin idman mübarizəsi şəraitində keçən yarışda Daxili İşlər Nazirliyi (DİN) idman cəmiyyətinin kikboksinqçiləri 23 medal (9 qızıl, 2 gümüş, 12 bürünc) qazanaraq komanda hesabında kubokun sahibi olublar.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinə açıqlamasında cəmiyyətin, eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev bildirib.

Qeyd edib ki, DİN idman cəmiyyətinin kikboksinqçiləri davamlı olaraq uğurlu nəticələr qazanırlar: “Qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışlar gözləyir. Azərbaycan birinciliyinin nəticələrinə əsasən, fəxri kürsüyə layiq olan döyüşçülər milli komandanın tərkibinə salınıb və dünya birinciliyində iştirak etmək hüququ qazanıb. Növbəti günlərdə yarışa hazırlıq məqsədi ilə yığmanın birgə məşqləri təşkil ediləcək. Əsas hədəf kikboksinqçilərimizin ölkəmizi dünya birinciliyində yüksək səviyyədə təmsil etməsidir”.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 80-ə yaxın klubdan 500-dən çox idmançı mübarizə aparıb.

Xatırladaq ki, yeniyetmə və gənclər arasında dünya birinciliyi İtaliyanın kurort şəhəri olan Yezoloda (Venesiya vilayəti) sentyabrın 30-dan oktyabrın 9-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.