SİYASƏT
Hikmət Hacıyev: Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək məqsədilə yol xəritəsi hazırlayır
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işləri görür. Eyni zamanda, ölkəmiz türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırlayır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.
Hikmət Hacıyev bildirib ki, türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıda duran prioritet istiqamətlərdən biridir.
Media sahəsində əməkdaşlığın lazımi hüquqi parametrlərinin müəyyənləşdirildiyini, zəruri sənədlərin qəbul edildiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, bütün bunlar əməkdaşlığın praktiki formada genişləndirilməsi üçün imkanlar yaradır. Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması vacib şərtlərdən biridir. “Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik”, - deyə H.Hacıyev vurğulayıb.