SİYASƏT


Hikmət Hacıyev: COVID-19 başlayandan sonra biz səhiyyə sistemimizin pandemiyaya hazırlanmasını təmin etdik

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz səhiyyə sistemimizin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Çünki Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən beynəlxalq səviyyədə biz bir sıra təşəbbüslər irəli sürüb, xüsusilə beynəlxalq səylərə dəstəyini göstərib. Hikmət Hacıyev deyib: “Çünki hamı təhlükəsiz olmasa, heç kim təhlükəsiz ola bilməz. Ona görə də yerli və beynəlxalq səviyyədə tədbirlər bir-birini tamamlamalı idi. Bu yanaşmaya əsasən, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurduq. Bu əməkdaşlıq çərçivəsində Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya həsr olunmuş sammitlərini təşkil etdik. Tədbirlərdə pandemiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Həmçinin səhiyyə mütəxəssislərinin görüşləri təşkil edildi”.

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, COVID-19-la əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.