SİYASƏT
Hilik Bar: Hər ölkə yəhudilərə, eləcə də digər etnik, dini azlıqlara qarşı Azərbaycan kimi tolerant ola bilmir
Qüds, Anar Rzayev, 22 sentyabr, AZƏRTAC
Yəhudilər Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər. Onlara yaradılan bu cür şəraitə görə mən Azərbaycana minnətdarlığımı bildirirəm. Hər ölkə yəhudilərə, o cümlədən digər etnik, dini azlıqlara qarşı bu qədər tolerant ola bilmir, hətta çətin günlərində belə azərbaycanlılar yəhudiləri, sinaqoqları qorudular. Bunu edə bilən ölkə böyük ölkədir, xalqı güclü xalqdır. Dünyanın heç də hər yerində yəhudi xalqı təhlükəsiz vəziyyətdə deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsrail Knessetinin vitse-spikeri, İsrail Fəhlə Partiyasının baş katibi Hilik Bar deyib.
Azərbaycanın İsrail üçün mühüm ölkə olduğunu bildirən vitse-spiker ikitərəfli münasibətlərin inkişafını qeyd edib: “Ötən illər ərzində əlaqələrimiz daha da möhkəmlənib. Hər iki ölkə artıq strateji tərəfdaşdır. İsrail və Azərbaycan bir-birini dəstəkləyir. Mən Knessetin spikerinin müavini olaraq Azərbaycan ilə əlaqələrin daha da möhkəmlənməsinə çalışıram. Düşünürəm ki, diplomatik əlaqələrdən başqa, iqtisadiyyat, sənaye, ticarət, maliyyə sahələrində daha geniş əlaqələr qurula bilər. Hər iki ölkə bir-birindən faydalana bilər. Hakimiyyətə hansı partiyanın gəlməsindən asılı olmayaraq Azərbaycan ilə mövcud olan strateji əməkdaşlığı bundan sonra da davam etdirəcəyik. Bu, İsrailin əsas siyasətlərindən biridir”.
İsrailin Qafqazda belə güclü və vacib müttəfiqinin olmasından məmnunluğunu ifadə edən Hilik Bar bu münasibətləri genişləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. O, İsrailin qondarma “erməni soyqırımı”nı tanımadığını, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib.