CƏMİYYƏT
“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı Türkiyənin ekspertləri tərəfindən konsultasiyalar keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində qanunvericilik bazasının yaradılması işləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə nazirlikdə keçirilən iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli məlumat verərək Prezident İlham Əliyevin 2022-ci ilin fevralın 15-də imzaladığı Fərmanın icrası işlərinin aparıldığını qeyd edib.
Nazir müavini Fərmana əsasən "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlərin e-infrastruktur üzərindən həyata keçiriləcəyini, himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin), himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun da e-sistem vasitəsilə aparılacağını diqqətə çatdırıb.
V.Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə əlaqədar qabaqcıl dünya təcrübəsinin öyrənildiyini, xüsusilə Türkiyə təcrübəsindən istifadəyə önəm verildiyini bildirib. O, növbəti aydan müvafiq sahələrdə çalışan əməkdaşlara Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən reinteqrasiya, qeytkipinq və himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyalarının keçiriləcəyini qeyd edib.
İclasda qeyd olunan yeni modelin ölkəmizdə tətbiqi ilə bağlı aparılan hazırlıq işləri və qarşıda duran vəzifələr, eləcə də təkliflər müzakirə olunub.
Himayədar ailə institutu dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamasına və bununla onların inkişafına şərait yaradılmasına xidmət edir.
Dövlətimizin başçısının Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.