CƏMİYYƏT
“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Himayədar ailə” institutu beynəlxalq təcrübədə uşaq qayğı sisteminin ən geniş yayılmış növlərindən biridir. Həmin model uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi onların himayədar ailələrə verilməsini, ailə mühitində yaşamalarına şərait yaradılmasını nəzərdə tutur. Təcrübə və araşdırmalar göstərir ki, ailə mühitində uşaqlara fərdi yanaşma tətbiq edilməklə, bu mühit ənənəvi uşaq müəssisələrindən fərqli olaraq onların inkişafına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmasına daha müsbət təsir göstərir.
Bu model, həmçinin deinstitutlaşmada, yəni dövlət tərəfindən uşaqların ailələrə verilməsində yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, onların ailə mühitində böyüməsinə şərait yaradılmasına hədəflənib.
Hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işləri aparılır. Nazirlik tərəfindən keçirilən onlayn sorğuda məqsəd də yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması üçün ictimai rəyin öyrənilməsidir.
Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər. Sentyabr 1-dək keçiriləcək sorğuda iştirak üçün https://forms.gle/LNzKHK4HF4M9kosB7 linkinə daxil olmaq lazımdır: