Hindistan Çabahar limanının “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin strukturuna daxil edilməsini istəyir
AzerTAg.az

Tehran, 5 avqust, AZƏRTAC
Hindistan İranın Çabahar limanının “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin strukturuna daxil edilməsi təklifini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahm Caişankar deyib. “Times of India” qəzetinin məlumatına görə cari ildə Hindistan, Özbəkistan, İran və Əfqanıstan nümayəndələri Tehranda görüşərək Çabahar limanının birgə istifadəsi məsələsini müzakirə edəcəklər. Hindistan bu limanın yenidən qurulması və müasir texniki vasitələrlə təmin olunması üçün 2 milyard dollar həcmində sərmayə qoymaq haqqında qərar qəbul edib. Bu günə kimi həmin vəsaitin 700 milyon dolları xərclənib və limanda 60 tonluq konteynerləri qaldırmaq üçün kranlar quraşdırılıb. Bu limandan əsasən Orta Asiya ölkələrinə yük daşınacaq.
Hindistan bu liman vasitəsilə yalnız Orta Asiya respublikaları ilə deyil, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Onu da nəzərə almaq lazımdır ki, Hindistanın Mumbai limanı regionda ən böyük yükaşırma qabiliyyəti olan limandır. Bu limanın potensialı təkcə Hindistanın Avropa ilə ticarət aparmasına yox, eyni zamanda, Cənub-Şərqi Asiya ölkələrinin də Avropa ilə ticarətini genişləndirməyə imkan verir. Region ölkələrində fəaliyyət göstərən iri şirkətlər yüklərini Mumbai limanından Avropaya daha ucuz və daha tez çatdıra bilərlər. Mütəxəssislərin hesablamasına görə 2025-ci ildə Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollardan çox olacaq. Bu qədər dövriyyəni təmin etmək üçün ən vacib şərt nəqliyyat əlaqəsidir.
Hindistan Çabahar limanına əbəs yerə 2 milyard dollar həcmində sərmayə yatırmır. Rəsmi Dehli həm özünün, həm də region ölkələrinin yüklərini Mumbai limanından Avropaya yola salmaq istəyir ki, bunun üçün də onun böyük potensialı var. Beləliklə Cənub-Şərqi Asiya ölkələrindən yüklər Mumbai limanına cəmlənərək Çabahar limanına daşınacaq. Daha sonra yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Avropaya çatdırılacaq.
Qeyd edək ki, Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsində Azərbaycan əhəmiyyətli rol oynayacaq. Çünki Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər Azərbaycan üzərindən keçəcək ki, bu da büdcəmizə valyuta axınını təmin etmiş olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Xəbərin mətnində orfoqrafik səhv var