DÜNYA
Hindistan beynəlxalq uçuşlara olan qadağanı mayın sonunadək uzadıb
Pekin, 30 aprel, AZƏRTAC
Hindistanın Mülki Aviasiya İdarəsi beynəlxalq uçuşlara olan qadağanı mayın 31-dək uzadıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qadağa yük uçuşlarına və xüsusi sərnişin reyslərinə aid deyil.
Bildirilir ki, buna səbəb Hindistanda son vaxtlar virusa yoluxma hallarının sürətlə çoxalması ilə gərgin epidemik şəraitin yaranmasıdır. Hindistanda ardıcıl 9 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur. Yoluxma sayının sürətlə çoxalmasının əsas səbəblərindən biri COVID-19 virusunun Hindistanda aşkarlanan daha təhlükəli variantıdır. Digər mutasiyalar ilə müqayisədə yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcül olan bu ştamma artıq dünyanın 20-dək ölkəsində rast gəlinib. Bəzi ölkələr Hindistan ilə çarter və xüsusi reyslərin dayandırılmasına qərar verib.
Qeyd edək ki, Hindistanda hava nəqliyyatı ilə müntəzəm uçuşlara ötən ilin martında ölkədə COVID-19 pandemiyası ilə əlaqədar qapanma rejimi elan ediləndə qadağa qoyulub. İki ay sonra daxili uçuşlar bərpa olunsa da, beynəlxalq müntəzəm reyslər icra edilməyib, yalnız çarter və xüsusi reyslər həyata keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin