QAN YADDAŞI
Hindistan gəncləri Azərbaycanlıların soyqırımı haqqında məlumatlandırılıb
Pekin, 31 mart, AZƏRTAC
Azərbaycanın Dehlidəki səfirliyində Hindistanın gənclər təşkilatları və universitetlərin nümayəndələrinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC- a bildiriblər ki, səfir Əşrəf Şıxəliyev 1918-ci ilin 30 mart – 2 aprel tarixlərində daşnak-bolşevik silahlı dəstələri tərəfindən məhz etnik əsasda Bakı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi barədə məlumat verib. Bildirib ki, bu soyqırımının araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti 1918-ci il iyulun 15-də fövqəladə istintaq komissiyası yaradıb və aparılan istintaqın nəticələri daşnak-bolşevik silahlı qüvvələrinin ağır cinayətlərini tam sübuta yetirib.
Diplomat bu qanlı hadisələrin qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib. O, Ermənistanın işğalçı və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə danışaraq qeyd edib ki, erməni silahlılarının azərbaycanlı əhaliyə qarşı cinayətləri 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, 2020-ci ildə Gəncə, Tərtər və Bərdə şəhərlərinə ballistik raketlər və kasetli bombalarla hücumlar ilə yenidən təkrarlanıb. Gələcəkdə oxşar faciələrin yaşanmaması üçün bu soyqırımı qurbanlarının yad edilməsinin və unudulmamasının vacibliyi vurğulanıb.
Səfir Əşrəf Şıxəliyev Azərbaycanın 44 günlük müharibədə Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsindən danışıb, ölkəmizin hazırda sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik müasir dövlət olduğunu bildirib. O, Azərbaycan–Hindistan münasibətlərinin vəziyyəti və perspektivləri, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanlarına dair məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qonaqlar soyqırımı ilə bağlı səfirlikdə yaradılmış xatirə guşəsinin önünə güllər və şamlar qoyaraq, bu cinayətin qurbanlarını ehtiramla yad ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin