SİYASƏT


Hindistan ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı son təxribatı barədə məlumatlandırılıb

Pekin, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyində yerli kütləvi informasiya vasitələri üçün Ermənistanın son təxribatlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Hindistandakı səfiri Əşrəf Şıxəliyev iştırakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixən törətdiyi qanlı cinayətlər, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumatlandırıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, münaqişə nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hind jurnalistlərə beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul etdiyi qətnamə və digər sənədlər barədə məlumat verilib. Həmin sənədlərdə erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilir. Amma işğalçı Ermənistan bu sənədlərin tələblərini indiyədək yerinə yetirməyib.

Mətbuat konfransında Ermənistan tərəfinin son iki ildə törətdiyi təxribatlar barədə məlumat verilib. Qeyd olunub ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, habelə Tərtər, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Sonrakı günlərdə də davam edən bu təxribat nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olub, evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir.

Mətbuat konfransında vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğunun regional sülh və sabitlik üçün əsas təhlükə olduğunu Azərbaycan dəfələrlə bəyan edib. BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atıb. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Sonra hadisələrə dair video və şəkillər nümayiş olunub, müvafiq materiallar paylanılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.