CƏMİYYƏT
Hindistan mütəxəssisləri ilə heyvan sağlamlığının qorunması sahəsində müzakirələr aparılıb
Bakı, 20 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev ilə Hindistan Respublikasının Balıqçılıq, Heyvandarlıq və Südçülük Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ticarət üzrə rəhbər müavini G.N.Singhın başçılıq etdiyi nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycanla Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolunun müddəalarında nəzərdə tutulan heyvan xəstəliklərinə qarşı effektiv mübarizə təlimlərinin təşkili, xəstəliklərin yayılması zamanı meydana gələ biləcək risklərin elmi tədqiqatı sahəsində bilik mübadiləsi məsələləri müzakirə olunub.
Eyni zamanda iki ölkə arasında heyvan sağlamlığının qorunması sahəsində əməkdaşlıq barədə Sazişin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Saziş layihəsi Hindistan tərəfinə göndərilməsi üçün Xarici İşlər Nazirliyinə təqdim edilib.