REGİONLAR
Hindistan və Çin komandaları atıcılığın “mix team” növü üzrə yarışların qalibi olub
Qəbələ, 12 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın “mix team” növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub. Tüfəng və tapançadan 50 metr məsafəyə atəş açma yarışında bir oğlan və bir qız atıcı birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar. Hindistan komandası tapançadan atəş açma yarışında, Çin komandası tüfəngdən atəş açma yarışında birinci yeri tutub. Qaliblərə mükafatları Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.
Məlumat verilib ki, “mix team” növü üzrə birincilik dünyanın atıcılıq tarixində yenilik hesab edilir və ilk belə yarış ötən ilin sentyabrında Qəbələdə atıcılıq üzrə Qran-Pri yarışları zamanı keçirilmişdi. Gələcəkdə Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən yeni növ üzrə yarışların təşkil edilməsi nəzərdə tutulur.
Yarışların son günü, yəni iyunun 13-də kişi və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəş açma yarışları keçiriləcək.
Qeyd edək ki, 30 idmançı ilə yarışlara qatılan Çin komandası 6 medalla 45 ölkə arasında birinci yerdədir. Serbiya və Ukrayna komandaları isə II-III yerləri tutur. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.