ELM VƏ TƏHSİL


Hindistanda Azərbaycanda baramaçılıq və ipəkçiliyin inkişaf perspektivlərinə dair məruzə dinlənilib

Bakı, 15 mart, AZƏRTAC 

Hindistanın Maysore şəhərində Beynəlxalq İpəkçilik üzrə Komissiyanın təşkilatçılığı ilə İpəkçilik və Böcək Biotexnologiyaları üzrə Asiya-Sakit Okeanı VI Konqresin iclası keçirilib. Dünyanın 30 ölkəsindən 200-dən çox nümayəndənin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə məruzə ilə çıxış edən Y.Şükürlü Azərbaycanın qədim ipəkçilik tarixi, İpək Yolu üzərində yerləşməsi, Şəki, Basqal, Şamaxı və Gəncə kimi qədim ipəkçilik əraziləri, həmçinin Şəki İpək Kombinatı, Qafqazda ən iri qrena istehsalçısı olan Göyçay zavodu barədə məlumat verib. Qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda ipəkçilik sahəsində böhran yaranıb. O, böhranın aradan qaldırılması və ipəkçiliyin əvvəlki şöhrətinin qaytarılması üçün ölkə rəhbərinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın qəbul olunduğunu söyləyib.

Y.Şükürlü AMEA-nın bu sahə üzrə aparıcı təşkilatlarından olan ŞREM-in Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib. Bundan əlavə, “Verilən yemə salisil-aldemin əlavə etməklə tut ipək qurdunun hemolimfasında aminturşu tərkibinin dəyişdirilməsi” mövzusu üzrə aparılan elmi iş müzakirə olunub.

Azərbaycanlı alim daha sonra Maysore Mərkəzi İpəkçilik Tədqiqatları və Tədris İnstitutunun direktoru R.Teotianın dəvəti ilə həmin qurumda olub və gələcək əməkdaşlığa dair müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.