DÜNYA


Hindistanda COVID-19-a gündəlik yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb

Pekin, 25 aprel, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 349 min 691 yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Hindistanda ardıcıl 5 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 2 min 767 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.

Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 16 milyon 960 min yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 192 min 311-dir. Hazırda ölkədə 2,6 milyondan çox aktiv xəstə var.

Virusun yayılmasını nəzarət altına almaqdan ötrü paytaxt Dehlidə qüvvədə olan qapanma rejimi daha bir həftə müddətinə uzadılıb. Paytaxt hökumətinin rəhbəri Arvind Kecrival qapanma rejiminin mayın 3-dək uzadıldığını açıqlayıb.

Yerli mətbuatda son günlər yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalmasının xəstəxanalarda oksigen ehtiyatı və müalicə dərmanları çatışmazlığına səbəb olması barədə xəbərlərə rast gəlinir. Artıq bir neçə xəstəxanada oksigen ehtiyatının azalması səbəbindən ölüm halları da baş verib.

Ölkədə COVID-19 səbəbindən ölüm sayının çoxalması isə krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində yandırılmasına (kremasiya) başlanılıb. Bundan başqa, bir neçə krematoriyanın fasiləsiz işləyən sobalarında ərimə baş verib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.