DÜNYA
Hindistanda COVID-19-a yoluxanların sayı 5 milyonu ötüb
Pekin, 16 sentyabr, AZƏRTAC
Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 90 min 123 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 5 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 5 milyonu ötən ikinci ölkədir.
AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 1290 ölüm qeydə alınıb. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 82 min 66-ya çatıb.
Koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda bir neçə gün ərzində sutkalıq yoluxma sayı 90 mindən çox olub. Son günlər Hindistan sutkalıq yoluxma sayına görə bütün ölkələri qabaqlayır.
İnfeksiyanın sürətlə yayılmasına baxmayaraq, sentyabrın 15-də ölkə parlamentinin mövsüm iclası işə başlayıb.
Qeyd edək ki, Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də isə 4 milyonu ötüb. Ölkə COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikinci sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin