DÜNYA
Hindistanda COVID-19-a yoluxanların sayı 9 milyonu ötüb
Pekin, 20 noyabr, AZƏRTAC
Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 45 min 882 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 9 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 9 milyonu ötən ikinci ölkədir.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 584 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 132 min 162-yə çatıb.
Bildirilir ki, son günlər xüsusən paytaxt Dehlidə gündəlik yoluxma sayının sürətlə çoxalması səbəbindən şəhərdə karantin rejimi sərtləşdirilib. Bura karantin qaydalarının pozulmasına dair cərimələrin məbləğinin artırılması, qapalı məkanlara adam sayına məhdudiyyətin qoyulması da daxildir. Hökumət ölkədə virusla mübarizə tədbirləri çərçivəsində gündəlik aparılan testlərin sayını da artırmağa çalışır. Hazırda Hindistanda gündəlik orta hesabla bir milyon test həyata keçirilir.
Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin