DÜNYA
Hindistanda COVID-19-a yoluxmada ən pis göstərici qeydə alınıb
Pekin, 10 sentyabr, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 95 min 735 yeni yoluxma qeydə alınıb. Bu rəqəm COVID-19 infeksiyası Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir. Bu, həm də ötən gün ölkələr üzrə sutkalıq ən çox yoluxma halıdır.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 4 milyon 465 min 863 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə COVID-19 səbəbindən 1172 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 75 mini ötüb. Nazirlik hazırda 919 min xəstənin müalicə aldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də isə 4 milyonu ötüb. Hökumət iqtisadiyyatın canlanması üçün sentyabrın 1-dən karantin rejiminin növbəti mərhələdə yumşaldılmasına start verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin