DÜNYA


Hindistanda COVID-19 virusuna yoluxanların sayı 20 milyonu ötüb VİDEO

Pekin, 4 may, AZƏRTAC

Hindistanda ötən sutka COVID-19 infeksiyasına 357 min 229 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 20 milyonu ötüb. Ötən sutka dünyada ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 səbəbindən 3 min 449 ölüm qeydə alınıb. Hindistanda indiyədək 224 min 408 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 3,5 milyon nəfərdir.

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən bir neçə dəfə yüksək olduğunu bildirirlər.

Hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda xəstələrin sayının sürətlə artması ciddi böhrana səbəb olub. Bir çox xəstəxana çarpayı və tibbi ləvazimat, o cümlədən ağır xəstələr üçün oksigen ehtiyatı çatışmazlığına görə pasiyent qəbulunu dayandırır. Bundan başqa, tibb işçisi çatışmazlığı da var. Baş nazir Narendra Modi tibb universitetləri və kolleclərinin yuxarı kurs tələbələrinin COVID-19 xəstələrinin müalicəsinə cəlb oluna biləcəyini açıqlayıb.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliya ardından 3-cü sıradadır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.