ELM VƏ TƏHSİL
Hindistanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) Hindistanın Assan bölgəsinin inzibati mərkəzi Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib. O, konfransda “XV əsrdə Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. 2019-cu il Azərbaycanda “Nəsimi ili” olduğu üçün tarixçi-alim məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunub.
AZƏRTAC xəbər verir ki, konfransda professor İsmayıl Məmmədovun ABŞ-da nəşr olunmuş “Azərbaycanın etnik və siyasi tarixi” (ingilis dilində) kitabının təqdimatı keçirilib. Əsərdə qədim dövrdən bugünədək Azərbaycanın etnik və siyasi tarixi təhlil olunub. Kitabda Azərbaycanın qədim tarixi və mədəniyyəti, eyni zamanda, müasir tarixi haqqında geniş məlumat verilib.
Konfrans iştirakçıları, həmçinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə məlumatlandırılıb. Tədbirdə Quvahati Universitetinin rektoru, departament rəhbəri, Hindistanın alimləri ilə yanaşı, Almaniya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak ediblər.
Təqdimatın sonunda müəllif çıxış edib, universitetin rəhbərliyinə və iştirakçılarına təşəkkürünü bildirib. Professor universitetin kitabxanasına kitablar hədiyyə edib.