DÜNYA


Hindistanda ötən sutka koronavirusdan ölüm sayında antirekord qeydə alınıb

Pekin, 2 may, AZƏRTAC

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 392 min yoluxma, virus səbəbindən 3689 ölüm qeydə alınıb. Ötən günə olan ölüm sayı pandemiya dövründə Hindistanda qeydə alınan antirekorddur. Bu rəqəm ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək 19,5 milyon yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı 215 mini, aktiv xəstə sayı 3 milyon 349 mini ötüb.

Qeyd edək ki, martın əvvəlindən başlayaraq Hindistanda COVID-19 infeksiyasına gündəlik yoluxma və ölüm sayı sürətlə artır. Təkcə aprel ayında ölkədə 6 milyondan çox yoluxma aşkarlanıb. Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun daha təhlükəli variantının (B.1.617) yayılması, habelə son aylar kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər. Ölkənin səhiyyə sistemi COVID-19 böhranı qarşısında aciz qalıb. Xəstələrin, o cümlədən ağır pasiyentlərin sayının çoxalması səbəbindən tibb ocaqlarında yer, tibbi ləvazimat çatışmazlığı yaşanır. COVID-19 səbəbindən ölüm sayının çoxalması isə krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində, o cümlədən yaşayış məhəllələrində yandırılmasına (kremasiya) başlanılıb.

Paralel olaraq Hindistanda COVID-19 virusuna qarşı vaksinasiya da aparılır. İndiyədək əhaliyə 150 milyon doza peyvənd vurulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.