DÜNYA
Hindistanda qatar qəzası: həlak olanların sayı 133 nəfərə çatıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarının vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, NDTV telekanalının məlumatına görə, ölənlərdən 80 nəfərin kimliyi müəyyənləşib. Onların hamısı Hindistan vətəndaşıdır. Qəza yerində xilasetmə əməliyyatları başa çatıb.
Qəzanın səbəbi indiyədək aydınlaşmayıb. Sahə ilə əlaqəli məmurlar faciənin relslərdən birinin sınması səbəbindən baş verdiyini güman edirlər. Həlak olanların sayının bu qədər çoxluğu isə qatarın normadan artıq yüklənməsi ilə izah olunur. İlkin məlumata görə, min nəfər üçün nəzərdə tutulmuş vaqonlarda 1700-ə yaxın sərnişin olub.
Xatırladaq ki, İndor-Patna reysi ilə hərəkət edən sürət qatarı bazar gününə keçən gecə relsdən çıxıb. Bu, 2010-cu ildən bəri ölkədə baş vermiş ən böyük dəmir yolu qəzasıdır. O vaxt Qərbi Benqalda sərnişin və yük qatarlarının toqquşması nəticəsində 146 nəfər həlak olmuşdu.